İngiltərənin “Mançester Siti” klubu argentinalı hücumçusu Serxio Aquero ilə yollarını ayırır.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bu yay – mövsümün sonunda Premyer Liqa nəhəngindən ayrılacaq.
Bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti məhz 2021-ci ilin yayında qədər idi. Anlaşmanın müddəti artırılmadığı üçün futbolçu azad agent statusu ilə komandadan ayrılacaq. Onun karyerasını harada davam etdirəcəyi isə hələ bilinmir.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 10 il ərzində 384 oyuna çıxıb, 257 qola imza atıb. Hücumçu bu komandanın heyətində ən çox qol vurmuş futbolçu kimi tarixə düşüb.
Argentinalı futbolçu “şəhərlilər”in heyətində 10 titul qazanıb. Belə ki, 4 dəfə Premyer Liqanın qalibi olan Aquerolu “Mançester Siti”, beş dəfə İngiltərə Liqa Kubokunda, bir dəfə də İngiltərə Kubokunda baş mükafata sahib çıxıb.
Argentina yığmasının sabiq üzvü bu mövsüm zədə səbəbindən “Mançester Siti”yə çox kömək edə bilməyib. Belə ki, o, İngiltərə Premyer Liqasında cari mövsümdə cəmi 8 oyuna çıxıb. Futbolçu bu oyunlarda cəmi 1 qol vurmağı bacarıb. Mançester təmsilçisi isə 30 oyuna topladığı 71 xalla Premyer Liqada vahid liderdir.
Aquero “Mançester Siti”yə Madrid “Atletiko”sundan transfer edilmişdi. Argentinanın “İndependyente” klubunun yetirməsi olan futbolçu İspaniya klubunda 2006-2011-ci illər aralığında forma geyinib. Serxio Argentina yığmasında da 97 oyun keçriib, 41 qola imza atıb.


