Serxio Aquero: “Messi DÇ-2026-da iştirak edə bilər”

Argentina milli komandasının sabiq hücumçusu Serxio Aquero Lionel Messinin DÇ-2026-da oynayacağını istisna etmir.

Arena.az xəbər verir ki, “Mançester Siti”nin heyətindəki çıxışı ilə yaddaşlarda qalan Serxio Aquero, ulduz hücumçunun 2026-cı ildə Kanada, Meksika və ABŞ-ın müştərək ev sahibliyi edəcəyi dünya çempionatında mümkün iştirakı barədə bunları söyləyib:

“Fiziki cəhətdən özünə çox diqqət yetirən Leonu tanıyaraq, belə bir ehtimalı istisna etmək olmaz.

Açığı, o, son dünya çempionatındakı səviyyəsində olmayacaq, amma o, Messidir. Leo cərimə zərbəsindən də qol vura bilər. Kiçik qapını açıq saxlamaq lazımdır. Ya da hər iki qapını”.

Xatırladaq ki, Messi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub. Argentinalılar əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış oyunda Fransa yığmasını penaltilər seriyasında 4:2 hesabı ilə məğlub ediblər. Messi finalda iki qola imza atmaqla yanaşı, oyunsonrası penaltini də dəqiq yerinə yetirib.