Serxio Buskets erası başa çatır – “Barselona” rəsmən açıqladı

İspaniyanın “Barselona” komandasının kapitanı Serxio Buskets bu mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacaq. Arena.az xəbər verir ki, bu barədə La Liqa nəhəngi rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.

Xəbərdə “Barsa” əfsanəsi ilə vidalaşır” sözləri qeyd olunub. Futbolçunun mövsümün sonuna kimi komandada oynamağa davam edəcəyi vurğulanıb.

Xatırladaq ki, Serxio Buskets “Barselona”nın öz yetirməsidir. Hazırda 34 yaşı olan yarımmüdafiəçi 2008-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, Kataloniya təmsilçisinin əsas komandasında 718 matça çıxıb. Təcrübəli oyunçu bu görüşlərdə 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb. Buskets “Barselona”nın əsas komandasındakı oyun sayına görə üçüncü pillədə qərarlaşıb. Rekord Lionel Messiyə məxsusdur – 778 oyun. İkinci yerdə isə komandanın indiki baş məşqçisi Xavi qərarlaşıb – 767 oyun.

Buskets həm də “Barselona”da ən çox titul qazanmış futbolçulardan biridir. O, Kataloniya klubu ilə 31 titul qazanıb. Təcrübəli oyunçu 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Super Kubokunun qalibi olub.

İspaniyalı futbolçu ölkəsinin milli komandasında da xeyli uğurlara imza atıb. O, 2009-cu ilin aprel ayında debüt matçını keçirdiyi İspaniya millisində bütövlükdə 143 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə cəmi 2 qol müəllifi olub. Buskets İspaniya yığmasının heyətində DÇ-2010-un və AÇ-2012-nin qalibi olub.