Serxio Ramos azarkeşə: “Adamlara hörmət qoy, ağzını yum”

La Liqanın 19-cu turunda “Sevilya” – “Atletik Bilbao” oyunundan (0:2) sonra sevilyalıların müdafiəçisi Serxio Ramos azarkeşlə ağızlaşıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, xoşagəlməz hadisə Ramosun oyundan sonra müsahibə verdiyi zaman yaşanıb.

Ramos oyunla bağlı fikirlərini açıqlayarkən, kefi kök rəqib azarkeşlərdən biri müdafiəçinin ünvanına öz aləmində nəsə qışqırmağa başlayıb. Səbrini basmış Ramos birdən qəfildən azarkeşə müraciət edərək: “Azacıq hörmət göstər, biz danışırıq. İnsanlara və emblemə hörmət et. Adamlara hörmət qoy, ağzını isə yum”, deyə Serxio Ramos sərt şəkildə bildirib.

Vurğulayaq ki, “Sevilya” heç də xoş günlərini yaşamır. Mövsümə iddialı başlamış sevilyalılar gözlənilmədən La Liqada qalmaq uğrunda mübarizə aparan autsayderə çevriliblər. Əndəlüs nəhəngi Çempionlar Liqasının qrup mərhələsində qrup sonuncusu olmaqla, avrokuboklarda iştirakına xitam verib.

Hazırda “Sevilya” La Liqanın birinci dövrəsindən, 19 turdan sonra 16 xalla 16-cı pillədə qərarlaşıb. La Liqada “Real” və “Jirona” 48 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. “Kral klubu”, liderliyinə ortaq olan “Jirona”nı daha yaxşı top fərqinə görə qabaqlayır.