Futbol üzrə İspaniya milli komandasının sabiq mərkəz müdafiəçisi Serxio Ramos Fransanın PSJ klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər müddəti bu ayın sonunda başa çatacaq müqaviləni yeniləməməyə qərar veriblər. Bu üzdən də 37 yaşlı oyunçu azad agent kimi Liqa 1 klubunu tərk edib.
Xatırladaq ki, Serxio Ramos 2021-ci ilin iyul ayında İspaniyanın “Real” klubundan azad agent kimi ayrılalaraq PSJ ilə 2 illik müqavilə bağlamışdı. Təcrübəli müdafiəçi bu iki il ərzində Paris təmsilçisində 57 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol və 1 məhsuldar ötürmə müəllifi də olub. Ramos PSJ-dəki hər iki mövsümünü Liqa 1-in qalibi kimi başa vurub. O, həm də ötən il Fransa Super Kubokunun qalibi olub.
“Sevilya”nın yetirməsi olan Serxio Ramos 2005-ci ildən 2021-ci ilə qədər “Real”ın uğurları üçün çalışb. Madrid təmsilçisində 16 mövsüm keçirən müdafiəçi, bu komandanın heyətində 671 matça çıxıb. O, bu görüşlərdə 101 qol vurub, 39 məhsuldar ötürmə ilə yadda qalıb.
Ramos “Real”la beş dəfə İspaniya çempionu olub. O, dörd dəfə ölkə və UEFA Çempionlar Liqasının, FİFA Klublararası Dünya Çempionatının və İspaniya Super Kubokunun qalibi adını qazanıb. Üç dəfə UEFA Super Kubokunda zəfər yaşamış futbolçu, İspaniya kubokunda da iki dəfə çempionluq sevincini dadıb.
Ramosun “Sevilya” karyerası isə 45 oyun və 3 qoldan ibarətdir. O, İspaniya millisində də 180 oyun keçirib, 23 qol vurub. Təcrübəli oyunçu yığmanın heyətində DÇ-2010-un, AÇ-2008 və AÇ-2012-nin qalibi adını qazanıb.