Futbol üzrə İspaniya milli komandasının sabiq sol cinah müdafiəçisi Serxio Regilon ABŞ klubu “İnter Mayami” ilə müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə 2027-ci ilin dekabrına qədər nəzərdə tutulmuş sözləşmə imzalanıb. Lakin qarşılıqlı razılıq əsasında müqavilənin müddəti daha 1 il uzadıla bilər.
Xatırladaq ki, Serxio Regilon son olaraq İngiltərənin “Tottenhem” komandasında çıxış edib. O, müqaviləsinin müddəti 2025-in yayında başa çatdıqdan sonra azad agent statusu daşıyırdı.
“İnter Mayami”nin heyətində dünya şöhrətli Lionel Messi çıxış edir. Argentinalı oyunçu bir müddət əvvəl bu klubla sözləşməsinin vaxtını 2028-ci ilin dekabrına qədər artırıb.
Madrid “Real”ının yetirməsi olan Regilon, karyerası ərzində “Sevilya”, “Tottenhem”, “Brentford”, “Real”, “Loqrones”, “Atletiko” (Madrid), “Mançester Yunayted” kimi klublarda da forma geyinib.
Serxio 2020-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyunun iştirakçısı olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


