Serxio Riko yenidən süni komaya salındı

Fransa çempionu PSJ-nin bir müddət öncə atdan yıxılaraq ağır xəsarət alan qapıçısı Serxio Riko yenidən süni koma vəziyyətinə salınıb.

Arena.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

İspaniyalı qapıçı hələ də Sevilyadakı xəstəxanadadır.

İyunun 7-də Serxio Rikonun vəziyyətinin getdikcə yaxşılaşdığı, ancaq aldığı zədlər müqabilində sağlamlıq vəziyyətinin ciddi nəzarətə ehtiyacı olduğu barədə məlumat verilmişdi. Bu gün, iyunun 9-da həkimlərin yenidən sakitləşdirici vasitələrdən istifadə edərək qapıçını süni koma vəziyyətinə saldığı haqda məlumat daxil olub.

Xatırladaq ki, daha əvvəl Serxio Rikonun atdan yıxılaraq kəllə-beyin zədəsi aldığı bildirilirdi. O, Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilib və orada qapıçıya beyinə qansızma diaqnozu qoyulub. Daha sonra futbolçunun nümayəndələri onun qatır arabası və qaçan atın vurması ilə qəzaya uğradığını bildiriblər.

Serxio Riko “Sevilya”nın yetirməsidir. Qapıçı 2019-cu ildə icarə əsasında PSJ keçib, növbəti ildə komandaya transfer edilib, 2022-ci ilin yanvarında isə icarə əsasında “Malyorka”ya yollanıb. Qolkiperin PSJ ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

Qapıçı cari mövsümü yaşıl meydanlardan kənarda keçirib.

29 yaşlı qolkiper İspaniya yığmasının heyətində 1 oyunda meydana çıxıb.

“Transfermarkt” internet-portalı Serxio Rikonu 4 milyon avro məbləğində qiymətləndirir.