Sesar Aspilikueta “Çelsi”dən getdi – Rəsmi

Futbol üzrə İspaniya milli komandasının və “Çelsi”nin müdafiəçisi Sesar Aspilikueta İngiltərə klubunu tərk edib.

Arena.az bu barədə Lonfdon klubunun rəsmi saytına istinadən xəbər verir.

“11 il, 508 oyun və 9 kubokdan sonra Sesar Aspilikueta “Çelsi”ni tərk etmək vaxtının gəldiyinə qərar verib. Nail olduğun hər şeyə görə səni təbrik edirik. Sən əbədi, “Çelsi”nin əfsanəsi olaraq qalacaqsan”, – klubun açıqlamasında deyilir.

Klubun həmsahibləri Todd Bouli və Behdad Eqbali də Aspilikuetaya minnətdarlıq ifadə ediblər:

“Sesar bir döyüşçü, çempion və sadiq əfsanə kimi “Çelsi”də silinməz iz qoyur. O, on ildən çox müddətdə klubda standartlar müəyyən edirdi və uğur qazanmaq üçün nəyin gərək olduğunu hamıya günbəgün nümayiş etdirirdi.

Keçmiş və indiki məşqçilər və komanda yoldaşları onun kapitan qismində nümunə göstərəcəyinə etimad edirdilər. Meydanda və ondan kənarda qüsursuz davranırdı, buna görə ona minnətdarıq. Bu və daha çox şey üçün Sesarın “Stemford Bricə” qayıtması həmişə xoş qarşılanacaq”.

2022/2023 mövsümündə Aspilikueta “Çelsi”nin heyətində 32 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ümumilikdə isə Aspilikuetanın “Çelsi” karyerası belə mənzərə yaradır: 508 oyun, 17 qol, 56 məhsuldar ötürmə.

Aspilikueta 2012-ci ildə “Çelsi”yə gəlmişdi. Futbolçunun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatırdı. Onun karyerasını Madrid “Atletiko”sunda davam etdirməsi gözlənilir. Baxmayaraq ki, daha əvvəl futbolçunun “İnter”lə müqaviləsinin şəxsi şərtlərini razılaşdırdığı haqda da məlumat yayılmışdı.

“Transfermarkt” internet-portalı Aspilikuetanı 5 milyon avro məbləğində qiymətləndirir.