Bu gün “Çelsi”dən ayrılan İspaniya millisinin müdafiəçisi Sesar Aspilikueta azad agent qismində Madrid “Atletiko”suna keçib.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
“Döşəkçilər” 33 yaşlı Aspilikueta ilə bir mövsümlük müqavilə imzalayıblar.
Sesar Aspilikueta 2012-ci ilin avqust ayından “Çelsi”nin uğurları üçün çalışırdı. Sağ cinah müdafiəçisi London klubunun heyətində ümumilikdə 508 oyuna çıxıb, 17 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Aspilikueta “Çelsi”nin heyətində 32 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Futbolçunun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatacaqdı. Amma o, London klubu ilə qarşılıqlı razılıq əsasında həmin müqaviləsinə xitam verib və “Atletiko”ya azad agent kimi keçib.
Aspilikueta karyerası ərzində “Osasuna” və “Olimpik” (Marsel) klublarının da formasını geyinib. O, İspaniya milli komandasında da 44 matça çıxıb, 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı Aspilikuetanı 5 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Atletiko” ötən gün İngiltərənin digər klubu “Lester Siti”dən azad agent kimi ayrılmış türkiyəli müdafiəçi Çağlar Söyüncünü də heyətinə qatmışdı.