Sesar Aspilikueta uzun müddətə sıradan çıxdı

Madrid “Atletiko”sunun və İspaniya millisinin sağ cinah müdafiəçisi Sesar Aspilikueta uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Aspilikueta İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan Madrid “Real”ı ilə matçda (4:2) zədələnib.

Xatırladaq ki, o, Madrid derbisinin 106-cı dəqiqəsində meydana çıxsa da, aldığı zədə səbəbindən 116-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. “Atletiko”nun Sesarın zədəsi ilə bağlı yaydığı açıqlamada bunlar qeyd olnunub: “İspaniyalı futbolçu müxtəlif tibbi müayinələrdən keçib və klubun tibbi xidmətlərinin təqdim etdiyi hesabatda müdafiəçidə xarici menisküsün yırtıldığı göstərilir. Zədənin sağalması üçün təcili müalicə tezliklə qərara alınacaq”.

İspaniya mətbuatının yazdığına görə, Aspilikueta zədə səbəbindən təxminən 8-12 həftə meydana çıxa bilməyəcək.

Sesar Aspilikueta bu mövsümün əvvəlində İngiltərənin “Çelsi” klubundan azad agent kimi ayrılmış və “Atletiko” ilə 1 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində bütün yarışlarda 22 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Aspilikueta karyerası ərzində “Çelsi”, “Osasuna” və “Olimpik” (Marsel) klublarının da formasını geyinib. O, İspaniya milli komandasında da 44 matça çıxıb, 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı Aspilikuetanı 4 milyon avro məbləğində qiymətləndirir.