Ötənlərin məşhur futbolçusu, ispan mütəxəssis Sesk Fabreqas İtaliyanın “Komo” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
37 yaşlı mütəxəssis futbolçu karyerasını başa vurduğu İtaliya klubu ilə 4 illik müqavilə qol çəkib.
Xatırladaq ki, Fabreqas əslində ötən mövsümdən “Komo”ya rəhbərlik edirdi, mütəxəssisin sadəcə gərəkli məşqçilik lisenziyası yox idi. Artıq bu çatışmazlığı da aradan qaldıran Fabreqas “Komo”nun rəsmi baş məşqçisi hesab olunur.
Daha əvvəl Fabreqasın İngiltərənin “Çelsi” klubunun məşqçilər qərargahına daxil olmaq təklifi aldığı bildirilirdi. Amma göründüyü kimi, o, “Komo”da qalıb baş məşqçi kimi çalışmağı daha üstün sayıb.
Xatırladaq ki, 2023/2024 mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb. Son 20 ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında oynayacaq.
Futbolçu ikən “Arsenal”, “Barselona”, “Çelsi” və “Monako”da çıxış etmiş Sesk Fabreqas karyerasının qürubunda “Komo”da top qovub və burada da məskunlaşaraq, məşqçilk karyerasına başlayıb.
41 yaşlı Pepe Reyna “Komo”da
Yeri gəlmişkən, “Komo” bu yay İspaniyanın “Vilyarreal” klubundan azad agent kimi ayrılmış təcrübəli qapıçı Pepe Reynanı heyətinə qatıb. 41 yaşlı ispan qolkiperlə 1 illik müqavilə imzalanıb.
Pepe Reyna “Barselona” akademiyasının məzunudur. İspan qapıçı peşəkar karyerasına 1999-cu ildə “blauqrana”da başlayıb. 2002-ci ildə Reyna iki dəfə İntertoto kubokunun qalibi olduğu “Vilyarreal”a keçib. 2005-ci ildə ispan qapıçı “Liverpul” tərəfindən alınıb, 2014-cü ildə isə “Bayern”ə keçib. Reyna 2022-ci ilin yayında “Vilyarreal”a qayıdıb.
İspan qapıçı həmçinin İtaliyada “Napoli”, “Milan” və “Latsio”da, İngiltərədə “Aston Villa”da çıxış edib. İspaniya yığması ilə Pepe Reyna 2 dəfə Avropa çempionu (AÇ-2008, AÇ-2012), bir dəfə isə dünya çempionatının (DÇ-2010) qalibi olub.
Geridə qalmış 2023/2024 mövsümündə Reyna “Vilyarreal”ın heyətində bütün yarşlarda 12 oyuna çıxıb, 15 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib.
Pepe Reyna 2005-ci ilin avqsunda debüt etdiyi İspaniya yığmasının heyətində 36 oyun keçirib, 21 qol buraxıb, eyni sayda da “quru” oyunla fərqlənib.
“Transfermakt” internet-portalı 41 yaşlı ispan veteran qapıçı Pepe Reynanın trasnfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.