Sessi D’Almeyda “Neftçi”də – Rəsmi

Futbol üzrə Benin milli komandasının dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, “Neftçi” bu gün yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. D’Almeyda artıq “Neftçi” ailəsinin üzvüdür. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Fransanın Bordo şəhərində anadan olmuş Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış etmiş futbolçunun karyerası ərzində formasını geyindiyi klubların siyahısı belədir:

“Bordo”, PSJ (B), “Barnsli”, “Bləkpul”, “Yovil Taun”, “Valensyen”, “Tondela”, “Po”.

D’Almeyda geridə qalmış 2024/2025-ci illər mövsümünü Kiprin “Apollon” (Limassol) klubunda keçirib. Onun bu klubla 2026-cı ilin 30 iyununadək müqaviləsi vardı. Yarımmüdafiəçi Kipr klubunda 34 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Sessi 39 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.

Xatırladaq ki, “Neftçi” daha öncə Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer və Rafael Quzzo ilə yollarını ayırdığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: