“Sevgililər Gününü Maqnus, Uesli və Maksimlə keçirməyə hazırlaşıram” – Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan mərhələsinin yarımfinalında ABŞ təmsilçisi Uesli Soya məğlubiyyətini şərh edib.

Arena.az xəbər verir ki, 34 yaşlı qrossmeyster “Tvitter” hesabında etdiyi paylaşımda yaxşı çıxış etmədiyini bildirib:

“Çempionlar Turunda oynadığım üçün xoşbəxtəm. Amma yarımfinalda çox da yaxşı təsir bağışlamadım. Uesli isə öz oyunu ilə heyran etdi. Dəstəyinizə görə təşəkkür edirəm.

“Finalda Uesli So və Maqnus Karlsenə uğurlar arzu edirəm. Mən isə Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda oynayacağam. Sevgililər Gününü Maqnus, Uesli və Maksimlə keçirməyə hazırlaşıram. Bunu arzulaya bilərəmmi?”

Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda mübarizə aparacaq.