“Sevilya” baş məşqçisi ilə müqaviləsini yenilədi

İspaniyanın “Sevilya” klubu əsas komandanın baş məşqçisi Xavyer Qarsiya Pimienta ilə əməkdaşlıq müddətini uzadıb.

Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Baş məşqçi ilə müqavilə müddətinin uzadılması barədə, sentyabrın 24-də İspaniya La Liqasının 7-ci turunda “Valyadolid”lə ev oyununda qazanılmış 2:1 hesablı qələbədən sonra “Sevilya”nın prezidenti Xose Mariya del Nido Karrasko məlumat verib.

Qarsiya Pimienta Əndəlüs komandasının sükanı arxasına 2024-cü ilin iyul ayının 1-də təyin edlib. İspan mütəxəssisin qarşısına ötən mövsümdən bəri tənəzzül yaşayan komandanı dirçəltmək tapşırığı qoyulub.

50 yaşlı ispan mütəxəssis “Sevilya”nı 7 oyuna çıxarıb, 2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət yaşayıb, topların fərqi isə 7:9 nisbətindədir.

Qarsiya Pimienta məşqçilk karyerasına 2006-cı ildə “Barselona”da başlayıb. 2021-ci ilə qədər Kataloniya klubunun sistemində çalışmış Pimienta “blauqrana”nın “B” komandasında işləyib, həmçinin yeniyetmələrdən ibarət komandanın baş məşqçisi olub. 2022-2024-cü illərdə Pimienta “Las-Palmas”ı çalışdırıb.

Qarsiya Pimientanın qənimətlər muzeyində “Barselona” ilə qazandığı UEFA Yeniyetmələr Liqası (2017/2018) kuboku var.

Pimientanın komandası İspaniya La Liqasının cari mövsümündə 7 turdan sonra 8 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.