“Sevilya” hücumçu Keleçi İheanaçonu həytinə qatdı

İspaniyanın “Sevilya” klubu nigeriyalı mərkəz hücumçusu Keleçi İheanaçonu “Lester Siti”dən azad agent qismində öz heyətinə qatıb.

Arena.az bu barədə “Sevilya”nın rəsmi saytına istinadən məlumat verir.

Azad agent statusuna malik nigeriyalı hücumçu Əndəlüs klubu ilə 2 illik – müddəti 2026-cı ilin iyun ayının sonunar qədər qüvvədə olacaq müqavilə imzalayıb. Müqavilə, müddətinin daha bir mövsümə uzadılması haqda müvafiq maddəni ehtiva edir.

Keleçi İheanaço futbola Nigeriyanın “Tayvo Akademi” klubunda qədəm qoyub. Buradan “Mançester Siti”yə yol tapmış nigeriyalı hücumçu böyük futbolda elə, “şəhərlilər”in heyətində debüt edib. 2017-ci ildə isə İheanaço “Lester Siti”yə qoşulub.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Keleçi İheanaço “Lester Siti”nin heyətində bütün yarışlarda 26 oyuna 6 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriyalı hücumçunun “tülkülər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 232 oyun, 61 qol, 34 məhsuldar ötürmə.

Keleçi İheanaço 2015-ci ilin nöyabr ayında debüt etdiyi Nigeriya yığma komandasının heyətində 54 oyun keçirib. Hücumçu bu oyunlarda 15 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. O, bu ölkənin U-17 və U-20 yığmalarında da forma geyinib.

Keleçi İheanaçonun qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Liqa Kuboku, “Lester Siti” ilə qazandığı İngiltərə Kuboku, İngiltərə Super Kuboku və İngiltərə Çempionşipi var.

“Transfermarkt” internet-portalı 27 yaşlı nigeriyalı mərkəz hücumçusu Keleçi İheanaçonun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.