İspaniyanın “Sevilya” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq.
Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Argentinalı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
62 yaşlı məşqçi bu postda ötən gün istefaya göndərilmiş Xulen Lopeteqini əvəz edib. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandasına doğma meydanda 1:4 hesabıyla uduzan “Sevilya”, cəmi 1 xal toplayıb və G qrupunda 4 komanda arasında üçüncüdür. Bu komanda La Liqada da 7 oyuna cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 17-cidir.
Xulen Lopeteqi 2019-cu ilin iyun ayından “Sevilya”ya rəhbərlik edirdi. İspaniyalı məşqçi bu komandanı bütövlükdə 169 matça çıxarıb. Sözügedən kollektiv bu görüşlərdə 90 qələbə qazanıb, 44 heç-heçə edib, 35 məğlubiyyətə üzülüb.
Xorxe Sampaoli isə son olaraq Fransanın “Olimpik” (Marsel) komandasını çalışdırıb. O, 2021-ci ilin martından rəhbərlik etdiyi Liqa 1 təmsilçisi ilə bu ilin iyul ayında vidalaşmışdı.
Sampaoli daha öncə də “Sevilya”nın baş məşqçisi olub. Təcrübəli mütəxəssis 2016-cı ilin iyunundan 2017-ci ilin mayına qədər çalışdırdığı La Liqa təmsilçisini 53 matça çıxarıb. Əndəlusiya təmsilçisi bu görüşlərdə 27 qələbə qazanıb, 12 heç-heçə edib, 14 məğlubiyyətlə üzləşib. Argentinalı məşqçi karyerası ərzində “Atlletiko Mineyro”, “Santos”, “Universidad de Çili”, “Emelek” kimi klublara, Çili və Argentina yığmalarına da rəhbərlik edib.