“Sevilya”da Korona şoku

İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Xesus Korona uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, 29 yaşlı vinger komandanın son məşqlərindən birində ağır zədə alıb.

Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Topuq bağı qopan oyunçunun əməliyyat olunacağı açıqlanıb. Futbolçunun təxminən 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.

Meksika yığmasının da üzvü olan Koronanın zədə səbəbindən Qətərdə keçiriləcək DÇ-2022-ni buraxması ehtimalı böyükdür.

Xesus Manuel Korona 2022-ci ilin yanvarında “Portu”dan “Sevilya”ya transfer olunub. O, İspaniya klubunda 23 oyuna 2 qol vurub. Meksikalı vinger daha öncə “Tvente” və “Monterrey”in də uğurları üçün çalışıb. Sağ cinah yarımmüdafiəçisi Meksika yığmasında 71 oyuna çıxıb, 10 qol vurub.