Azərbaycanlı futbolçular – Ramil Şeydayev və Vüsal İsgəndərlinin komandaları Türkiyə Super Liqasına vəsiqə uğrunda pley-off matçına çıxıblar.
Arena.az xəbər verir ki, pley-off mərhələsinə bu gün start verilib.
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” ilk mərhələdə “Bodrumspor”la üz-üzə gəlib. Bu rəqiblə səfərdə qarşılaşan Bolu təmsilçisi 80-ci və 90+7-ci dəqiqələrdə buraxdığı qollar sayəsində məğlubiyyətə üzülüb. İsgəndərli bu oyuna start heyətdə başlasa da, 71-ci dəqiqədə əvəzlənib.
Yığmamızın digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Kocaelispor” isə “Çorum”un müqavimətini qırmağa çalışıb. Bu oyunda qapılara 3 qol vurulub. 33-cü dəqiqədə hesabı açan çorumlular, 60-cı dəqiqədə fərqi artırıblar. Ramilin komandasının gücü 90+4-cü dəqiqədə hesab arasındakı fərqi azaltmağa yetib. Beləliklə, 1:2 hesabıyla uduzan “Kocaelispor” da pley-offun ilk görüşündə uduzaraq mübarizəni dayandırıb. Ramil bu görüşdə sonadək mübarizə aparıb.
Qeyd edək ki, bu qarşılaşmalarda qalib gələn komandalar bir-birinə rəqib olublar. “Çorum”la “Bodrumspor” arasında baş tutacaq həmin matç isə mayın 20-də gerçəkləşəcək. Bu dueldə sevinən tərəf mayın 30-da finalda “Sakaryaspor”la üz-üzə gələcək. Qalib komanda Super Liqada iştirak hüququna yiyələnəcək.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 16 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.
Vüsal İsgəndərli isə “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 14 matça çıxıb.