Seydina Keyta “Qəbələ” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünə hazırlaşan “Qəbələ” müdafiəçisi Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə yeni – 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Seydina Keyta 2026-cı ilin yanvarında “Qəbələ”yə cəlb edilmişdi. 33 yaşlı futbolçu ilə həmin vaxt 6 ay +1 illik müqavilə imzalanmışdı. Tərəflər indi qalan 1 illik müddəti aktivləşdiriblər.

Keyta ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 3 qol vurub.

Təcrübəli müdafiəçinin “Qəbələ”dən əvvəlki sonuncu klubu “Panevejis” (Litva) olub. O, 2022-ci ilin yayında qoşulduğu bu komandanın heyətində 72 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seydina Keyta karyerası ərzində “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının da şərəfini qoruyub.

Keyta “Qəbələ”də 33 nömrəli forma altında çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: