Bir neçə gün öncə Madrid “Atletiko”sundan ayrılan Şime Vrsalko özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, xorvatiyalı futbolçu gözlənildiyi kimi “Olimpiakos”a keçib.
Bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasına azad agent kimi keçib.
Şime Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. O, paytaxt klubunda keçirdiyi 5 mövsüm ərzində bütövlükdə 100 matça çıxıb, 3 qola imza atıb. İspaniya klubu 2018/19 mövsümündə onu İtaliya “İnter”inə icarəyə də verib. Vrsalko ötən mövsüm İspaniya La Liqasında 21 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Zaqreb “Dinamo”sunun yetirməsi olan Vrsalko, bu komandalarla yanaşı, “Lokomotiva” (Zaqreb), “Cenoa” və “Sassuolo”da da çıxış edib. Vrsalko Xorvatiya yığmasında 52 oyun keçirib. O, 2018-ci ildə milli komandanın heyətində dünya çempionatının gümüş medalını qazanıb.


