Simon Deli Super Liqada klubunu dəyişdi

Futbol üzrə Fil Dişi Sahili yığmasının və Türkiyənin “Adana Dəmirspor” klubunun müdafiəçisi Simon Deli Super Liqada iş yerini dəyişib. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu elitanın digər təmsilçisi “İstanbulspor”a keçib.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mərkəz müdafiəçisi Adana klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Simon Deli 2021-ci ilin avqust ayından “Adana Dəmirspor”da forma geyinirdi. Mərkəz müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 19 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fil Dişi Sahili yığmasında da 24 oyun keçirib. Təcrübəli müdafiəçi daha öncə “Slaviya” (Praqa), “Brügge”, “Dinamo” (Çeske Budeyevitse), “Pribram” və “Sparta” (Praqa) klublarının formasını geyinib.

“İstanbulspor” Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilən “Hatayspor” və “Qaziantep” klublarından da futbolçular transfer edib. Sözügedən klub “Qaziantep”dən müdafiəçi Ertuğrul Ersoyu, “Hatayspor”dan isə yarımmüdafiəçi Onur Ergünü bu mövsümün sonuna kimi icarəyə götürüb.

Ertuğrul Ersoy 2021-ci ilin yanvarından “Qaziantep”də forma geyinirdi. O, bu komandada 52 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Türkiyəli futbolçu “Bursaspor”, “Havr”, “Rizəspor” və “Yeşil Bursa” kimi komandalarda da oynayıb. 26 yaşlı stopper bu mövsüm 20 oyunda 3 qola imza atmışdı.

Onur Ergün isə 2021-ci ilin yayından “Hatayspor”da forma geyinirdi. O, bu komandanın heyətində 46 oyuna 2 qol vurub. 30 yaşlı yarımmüdafiəçi daha öncə məhz “İstanbulspor”da oynayıb. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 249 matçda 45 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.