Futbol üzrə UEFA Çempionlar Liqasının 2022/2023 mövsümün final qarşılaşmasını öncədən açıqlandığı kimi, Şimon Marçinyak idarə edəcək.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı vasitəsilə yaydığı bəyanatda qeyd olunub.
Ötən gün Şimon Marçinyakın siyasi mövqeyinə görə final oyunundan kənarlaşdırıla biləcəyi barədə məlumat yayılmışdı. Qalmaqal, hakimin polşalı ifrat sağçı siyasətçi Slavomir Menzenin təşkil etdiyi tədbirdə iştirakı ilə bağlı yaranmışdı.
UEFA dərhal məsələni nəzarətə götürüb. Avropa Futbol Assosiasiyaları İttifaqı hakimin üzrxahlığını qəbul edib və təyinatını təsdiqləyib. UEFA həmçinin baş hakimin üzrxahlığı əks edilmiş müvafiq bəyanatı ictimaiyyətə açıqlayıb.
Xatırladaq ki, “Mançester Siti” ilə “İnter”in qarşılaşacağı Çempionlar Liqasının final oyunu iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç (Polşa).
Dördüncü hakim: İstvan Kovaç (Rumıniya).
Türkiyə. İstanbul. Atatürk Olimpiya Stadionu.