Simone İnzaqi “Atalanta” üzərində darmadağını şərh etdi

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin A Seriyası 21-cı turunda “Atalanta” üzərində böyükhesablı qələbəsini (4:0) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin 21-ci turdan təxirə salınmış bu oyunda qazandığı möhtəşənm qələbə haqda fikirlərini təqdim edir:

“İlk 10-15 dəqiqədə “Atalanta” bizə çox təzyiq göstərdi, ona görə də bunu başa düşməli olduq. Bu, bizim üçün qeyri-adi başlanğıc idi, amma sonra qol vurduq, dirəyə zərbə vurduq və inamla ikinci hissəyə daxil olduq.

Yaxşı oynadığımızı danmaq olmaz. Artıq iki il yarımdır ki, bunu edirik. Beş kubok qazanmışıq, Çempionlar Liqasının finalında oynamışıq və yarış cədvəlinin zirvəsində olmaq üçün yaxşı vəziyyətdəyik. Bilirik ki, yanvarda biz “Yuventus”dan bir baş üstün idik. Bir ay ərzində fərqi artırdıq, amma bu, eyni müddətdə yenidən itirilə bilər”, deyə Simone İnzaqi sabitliyi qorumağa və ehtiyatı əldən verməməyə çalışdığını başa düşməyə əsas verib.

26 turdan sonra “İnter” İtalya 69 xalla A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Neradzurri” ən yaxın izləyicisi “Yuventus” 12 xal qabaqlayır. “Atalanta” isə 46 xalla 5-ci pillədə qərarlaşıb.

Vurğulayaq ki, “İnter” A Seriyası çərçivəsində ardıcıl 4-cü oyundur ki, rəqiblərinin qapısından 4 qol keçirir. “İnter” sonuncu dəfə 4 fevralda “Yuventus”a qarşı keçirdiyi oyunda (1:0) 4 qoldan az vurub. Bu oyundan sonra növbəti 4 oyunda “İnter” “Roma” (4:2), “Salernitana” (4:0), “Leççe” (4:0) və “Atalanta”nı (4:0) məğlub edib.