Simone İnzaqi ÇL-in finalı və Xosep Qvardiola haqda danışdı

İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini bölüşüb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Simone İnzaqi rəqibin baş məşqçisi Xosep Qvardiolanın işinə də münasibət bildirib:

“Möhtəşəm uğurdur. Hamının arzuladığı finala yüksəldik və bunu əminliklə etdik. Burada açar söz “birlikdə” kəlməsidir, çünki biz qeyri-mümkün görünəni azarkeşlərimizlə birlikdə ərsəyə gətirdik. Biz birlikdə sübut etdik ki, mümkünsüz heç nə yoxdur. İndi biz bütün bunları həyəcanverici olacağını vəd edən qarşıdakı finalda uğura çatdırmalıyıq.

Qarşılaşma çox çətin olacaq. Biz favorit deyilik, amma futbol elə, bununla gözəldir. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayırıq. Bu komandanın məşqçisi hamıya yaxşı bəllidir. Lakin biz bacardıqca yaxşı hazırlaşmağa çalışacağıq.

Oyuna gəlincə, münasibətimizi dəyişmək fikrində deyilik. Oyunun gedişində daha fəal hücum etməli olacağımız zaman kəsikləri, müdafiədə yaxşı oynamağımız gərək olan məqamlar olacaq. Hazırlaşmaq üçün hələ, vaxtımız var və biz hər xırdalığı nəzərə alırıq.

Pep, futbola baxışı və oyun tərzi ilə bütöv bir hərəkat yaradıb. Bu, hələ, “Barselona”da baş verib. O, günbəgün tərəqqi edib, bu səbəbdən də düşünürəm ki, onu haqlı olaraq dünyanın ən yaxşı məşqçilərindən biri hesab edirlər.

“Mançester Siti” çox gözəl oyun təşkilatçılığına malikdir. Bu komandanın fərdi planda çoxlu güclü oyunçuları var. Lakin eyni zamanda, onların hamısı həmişə bütöv tam kimi oynayırlar”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün finalında İtaliyanın “İnter” və İngiltərənin “Mançester Siti” komandaları üz-üzə gələcəklər. Final oyunu şənbə günü – iyunun 10-da İstanbulun “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.