“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının “Mançester Siti” ilə final oyununda hansı hücumçuya şans verəcəyinə qərar verməyib.
Arena.az “Football Italia”ya istinadən xəbər verir ki, o, komandanın əsas hücumçuları Romelu Lukaku və Edin Dzeko arasındaki seçimi haqda bunları söyləyib:
“Startda kim çıxacaq – Lukaku, yoxsa Dzeko? Bu mövqe ilə bağlı hələ heç bir qərar verməmişəm. Həm də yarımmüdafiə və müdafiə xəttinə dair tam müəyyənləşməmişəm. Son iki ayda olduğu kimi, mənim seçimim var. Bu, bir məşqçinin malik olduğu ən yaxşı şeydir.
Son iki ayda rotasiya edə bilmişəm. Cari mövsümün ilk beş ayında belə imkanım olmayıb. Qarşıda daha dörd məşq var. Məşqçinin çoxlu ideyaları ola bilər və o, bunları tez-tez dəyişə bilər.
Məsələn, “Torino” ilə A Seriyasının son tur oyunundan əvvəl belə idi: axşam bir şey haqqında düşünürsən, səhər isə ilkin fikri dəyişməyə vadar edən müəyyən səbəblər və hallar görürsən”.
Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulun “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək.
Edin Dzeko bu mövsüm “İnter”in heyətində müxtəlif turnirlər çərçivəsində 51 oyuna çıxıb. Bosniya və Herseqovinadan olan 37 yaşlı forvard bu oyunlarda 14 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Romelu Lukaku isə geridə qoymaqda olduğumuz mövsüm ərzində 36 matça çıxıb. Belçikadan olan 30 yaşlı forvard da 14 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.