“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının yarımfinalında “Milan”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla (ilk oyun 2:0) başa çatan matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Fikrimcə, biz nəyə nail olduğumuzu hələ bir neçə gündən sonra anlayacağıq. Bu, bizim arzumuz idi. İnanılmaz bir yol keçmişik. Amma biz həmişə buna inanmışıq. Belə bir yarımfinal derbisindən qələbə ilə ayrılmağımız sevindirməyə bilməz.
Bu mövsüm bütün turnirlərdə səs-küy salmışıq. Aprelin 1-dən mayın 16-na kimi biz hər üç gündən bir oynayırıq. Bütün bu əziyyətin mükafatı iki finaldır. Biz çempionata da möhtəşəm əlavələr etdik. Uşaqlara yalnız “əhsən” düşür”.
Simone İnzaqi finalda hansı komandanı arzuladıqlarını açıqlamaq istəməyib:
“Həm “Real”, həm də “Mançester Siti” Avropanın ən yaxşı iki komandasından biridir. Mən sadəcə finala çıxdığımız üçün xoşbəxtəm. Sabahkı matçı böyük maraqla izləyəcəm. Amma heç bir komandaya üstünlük vermirəm”.
“İnter”in vitse-prezidenti və keçmiş kapitanı Xavyer Zanetti də “Milan” üzərində qələbə və ÇL-in finalına vəsiqə barədə fikirlərini bölüşüb:
“Ləzzətli emosiyalardır. Bu komanda 13 il sonra Çempionlar Liqasının finalında oynamağa layiqdir. Artıq bizə kimin rəqib olacağını gözləyirik. Hər halda, bunların hamısının komanda uğuru olması çox vacibdir. Mən “Real”a rəqib olmaqdan qaçmaq istərdim, çünki Çempionlar Liqası onlar üçün qurulmuş turnir kimi görünür. Bununla belə, ən vacib şey oraya çatmaqdır. Bu, çox çətin yol idi.
Hər il bizimlə böyüyən Lautaro Martines üçün çox xoşbəxtəm. O, bütün komanda üçün nümunədir. O, bizim üçün çox önəmli futbolçudur”.
Xatırladaq ki, tarixində üç dəfə Çempionlar Liqasının qalibi olmuş “İnter” sonuncu dəfə bu uğura 2009/2010 mövsümündə imza atıb. Ondan əvvəlki uğurlar isə 1964 və 1965-ci illərə təsadüf edir.
“İnter”in finaldakı rəqibi bu gecə İngiltərənin “Mançester Siti” və İspaniyanın “Real” komandaları arasındakı oyunda müəyyənləşəcək. Bu komandaların Madriddə baş tutan ilk matçında heç-heçə qeydə alınıb – 1:1. Cavab matçına bu gecə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.