Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”un sağ cinah vingeri Sinan Gümüş bu klubdan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Antalya klubunun mətbuat xidməti məlumat yayıb.
Klubdan verilən açıqlamada deyilir: “Futbolçumuz Sinan Gümüşlə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Sinan Gümüşə yeni karyerasında uğurlar arzulayırıq”.
Xatırladaq ki, Sinan Gümüş 2022-ci ilin fevral ayında “Fənərbaxça”dan azad agent kimi ayrılaraq “Antalyaspor”la müqavilə imzalamışdı. O, Antalya klubunun heyətində bütövlükdə 35 matça çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə edib.
Artıq Sinan Gümüşün yeni komandası da məlumdur. O, karyerasını TFF 1-ci Liqa təmsilçisi “Eyüpspor”da davam etdirəcək. 29 yaşlı futbolçu bu klubla 1,5 illik müqavilə bağlayıb. Arda Turanın çalışdırdığı sözügedən komanda 1-ci Liqada 17 turdan sonra liderdir. Belə ki, cəmi 3 oyunda uduzmuş “Eyüpspor” 14 qalibiyyətlə 42 xal toplayıb.
Almaniyada dünyaya göz açmış Sinan Gümüşün ilk peşəkar komandası “Ştutqart” olub. O, 2014-cü ildə Türkiyəyə gələrək “Qalatasaray”ın uğurları üçün çalışmağa başlayıb. Ardından İtaliyanın “Cenoa” klubuna keçən yarımmüdafiəçi sonradan yenə Türkiyəyə qayıdıb və burada “Antalyaspor”un, eləcə də “Fənərbaxça”nın uğurları üçün çalışıb.
Karyerası ərzində bütövlükdə 228 matça çıxmış 29 yaşlı cinah oyunçusu 3 dəfə Super Liqanın, 3 dəfə Türkiyə Kubokunun və 2 dəfə Türkiyə Super Kubokunun qalibi olub. Təcrübəli futbolçu vaxtilə Almaniyanın U-20 yığmasının da formasını geyinib.
Bahar Rüstəmzadə