İtaliyanın “Bolonya” komandasının baş məşqçisi Sinişa Mihayloviç istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. Belə ki, “Bolonya” 5 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Sinişa Mihayloviç 2019-cu ilun yanvarından İtaliya klubuna rəhbərlik edirdi. Komanda bu müddət ərzində sözügedən mütəxəssisin rəhbərliyi altında 142 oyuna çıxıb, 46 qələbə qazanıb, 38 heç-heçə edib, 58 dəfə məğlub olub. Serbiyalı mütəxəssis məşqçilik fəaliyyətinə də 2008-ci ilin noyabrında məhz “Bolonya”da başlamış və 2009-cu ilin aprelinə qədər burada çalışmışdı. 53 yaşlı məşqçi “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan”, “Torino” və “Sportinq”ə, həmçinin Serbiya yığmasına da rəhbərlik edib.