Futbol üzrə İtaliya milli komandasının sabiq qapıçısı Salvatore Siriqu bundan sonra karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Arena.az xəbər verir ki, təcrübəli qolkiper “Fatih Karagümrük” klubunda oynamağa qərar verib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilə ilə Fransanın “Nitsa” klubuna məxsus olan Siriqu “Fatih Karagümrük”də bu mövsümün sonuna kimi icarədə olacaq.
Xatırladaq ki, Salvatore Siriqu 2023-cü ilin sentyabr ayında azad agent kimi “Nitsa” ilə müqavilə bağlamışdı. İtalyan qolkiperin Liqa 1 təmsilçisi ilə bu mövsümün sonuna kimi anlaşması var. Təcrübəli qapıçı Fransa klubunun heyətində heç bir rəsmi oyunun iştirakçısı olmayıb.
“Palermo”nun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Siriqu, sonralar “Kremoneze”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna”, “Cenoa”, “Torino” və “Fiorentina”da da çıxış edib. 37 yaşlı qolkiper İtaliya yığmasında da 28 oyun keçirib.

Yeri gəlmişkən, “Fatih Karagümrük” italyan yarımmüdafiəçisi Stefano Sturaro ilə də yollarını ayırıb. 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2023-cü ilin avqust ayında “Cenoa”dan gəldiyi “Fatih Karagümrük”də 12 oyuna 1 qol vurmuşdu. Sturaro karyerası ərzində “Cenoa”, “Yuventus”, “Verona”, “Modena” kimi klubların da formasını geyinib. O, İtaliya milli komandasında da 4 oyun keçirib.

“Fatih Karagümrük” “Trabzonspor”un Xorvatiyadan olan yarımmüdafiəçisi Tonio Tekliçi də icarəyə götürüb. 24 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb. 2023-cü ilin iyulunda Trabzon klubuna qoşulmuş sağ vinger bu komanda 6 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib. O, karyerası ərzində “Varajdin”, “Hayduk” (Split), “Draqovlyaç” kimi klubların da formasını geyinib, Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.