“Sivasspor” 6 futbolçusu ilə vidalaşdı

Türkiyənin “Sivasspor” klubu 6 futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Sivas təmsilçisi Aruna Kone, Robin Yalçın, Sergey Rıbalka, Klaudemir, Kazimir Ninqa və Tayler Boyd ilə vidalaşıb. Bu futbolçuların klubla müqaviləsinin müddəti bitib və tərəflər yeni sözləşməyə ehtiyac duymayıblar.

Hər birinə xidmətlərinə görə təşəkkür edən “Sivasspor”, futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

37 yaşlı Aruna Kone 2017-ci ildən Türkiyə klubunda çıxış edirdi. Sergey Rıbalka da 2017-ci ildən sivaslıların uğurları üçün çalışırdı. 31 yaşlı ukraynalı yarımmüdafiəçi ölkəsinin “Aleksandriya” klubuna keçib. 33 yaşlı braziliyalı Klaudemir ötən mövsümün əvvəlindən bu komandada çıxış edirdisə, Tayler Boyd bu ilin əvvəlində “Beşiktaş”dan icarəyə götürülmüşdü. 26 yaşlı yeni zelandiyalı yenidən müqavilə ilə bağlı olduğu İstanbul klubuna qayıdıb. Kazimir Ninqa da “Sivasspor”da icarədə idi. 28 yaşlı forvard 2020-ci ildə Fransanın “Anje” klubundan icarəyə götürülmüşdü. Robin Yalçın isə ötən mövsümün əvvəlində “Yeni Malatyaspor”dan transfer edilmişdi.