“Sivasspor” nigeriyalı vingerlə gücləndi

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Ahmed Musanı heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. “Sivasspor” azad agent statusu daşıyan təcrübəli vinger üçün əlavə xərcə düşməyib.

Ahmed Musanın sonuncu iş yeri Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” olub. O, ötən ilin iyul ayından sözügedən klubun uğurları üçün çalışırdı. Bu komandada 34 matça çıxan futbolçu, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Sivas klubuna keçmək üçün “Fatih Karagümrük”lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Nigeriyalı futbolçu karyerası ərzində “Kano Pillars”, “Venlo”, ÇSKA (Moskva), “Lester Siti”, “Əl-Nəsr” klublarında da forma geyinib. O, Nigeriya yığmsında 107 oyun keçirib, 16 qol vurub.