Türkiyənin “Sivasspor” klubu heyətini iki yeni futbolçu – mərkəz müdafiəçiləri Noa Sonko Sundberq və Uroş Radakoviçlə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bu yay “Ankaragücü” klubundan azad agent kimi ayrılmış Uroş Radakoviç Sivas təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Serbiyalı futbolçu karyerası ərzində “Proletar Novi Sad”, “Bolonya”, “Novara”, “Siqma”, “Sparta” (Praqa), “Orenburq”, “Astana”, “Visla”, “Arsenal” (Tula) kimi klublarda forma geyinib. 30 yaşlı müdafiəçi 2022-ci ilin iyul ayından formasını geyindiyi “Ankaragücü” klubunun heyətində 64 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.
Radakoviç Serbiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Noa Sonko Sundberq isə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Ludoqorets”dən icarəyə götürülüb. Super Liqa təmsilçisi onu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. 28 yaşlı qambiyalı müdafiəçinin Bolqarıstan klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, 2023-cü ilin iyulundan formasını geyindiyi “Ludoqorets”də 36 oyuna 2 qol və 2 assistlə yadda qalıb. Müdafiəçi “Ostersun”, “Levski” (Sofiya), “Sundsval”, AİK kimi klubların da formasını geyinib. İsveçin aşağı yaş qrupları üzrə yığmalarında oynamış Sundberq, 2020-ci ildən oynadığı Qambiya yığmasında 16 oyun keçirib.
“Sivasspor” Malidən olan mərkəz müdafiəçisi Samba Kamara ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 31 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Sivas klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi bu yay başa çatmışdı.
Samba 2020-ci ilin yanvarından Sivasdadır. O, Türkiyə komandasının heyətində 106 oyun keçirib.
“Sivasspor”un xorvatiyalı mərkəz yarımmüdafiəçisi Miyo Çaktaş isə azad agent kimi “Kocaelispor”a keçib. 32 yaşlı futbolçu Sivas klubuna bu ilin əvvəlində qoşulmuşdu, o, bu komandada 13 oyuna cəmi 1 qolla yadda qalıb.