Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyə yığması ilə yoxlama oyunlarını şərh edib. Arena.az xəbər verir ki, millimiz aprelin 8-də 0:1 hesabıyla uduzduğu bu rəqiblə ikinci oyundan qolsuz heç-heçə ilə ayrılıb.
Millimizin baş məşqçisi Siyasət Əsgərov matçdan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“İlk oyunu təhlil edib səhvlərimiz müəyyənləşdirdik. Etiraf edək ki, birinci oyunda çox səhvlərimiz oldu. Bunun nəticəsində meydanı məğlub tərk etdik. Daha sonra ikinci oyuna hazırlaşdıq. Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, ilk hissədə aldığımız qırmızı vərəqə planlarımızı pozdu. 60 dəqiqədən çox azlıqda oynamağımıza baxmayaraq, sonadək mübarizə apardıq. Qələbə qazana bilməsək də, məğlub da olmadıq. Xarakter nümayiş etdirən komandama təşəkkür edirəm.

Keçirdiyimiz rəsmi oyunlardan sonra ilk təlim-məşq toplanışımız idi. Gündə iki dəfə olmaqla hazırlıq keçdik. Milliyə cəlb olunan bütün futbolçular çox həvəsli idilər. Növbəti toplanışlarda daha da inkişaf edəcəyimizi düşünürəm. Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır”.
Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kırağası da yoxlama oyunları ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan millisinə qarşı keçirdiyimiz oyunlar bizim üçün müsbət nəticələndi. Millətlər Liqasındakı rəsmi oyunlardan əvvəl bizim üçün yaxşı hazırlıq mərhələsi oldu. Hər iki qarşılaşmada nümayiş etdirmək istədiyimiz oyun üslubunu sınaqdan keçirdik. Lakin ilk oyunda iki futbolçumuzun zədələnməsi ikinci oyuna daha təmkinli yanaşmağımıza səbəb oldu. İrəli xətdə rəqibi gərginlikdə saxlamaq, hücum bölgəsinə topu daşımaq bacarığımızı görmək baxımından nə kimi çatışmazlıqlarımızın olduğunu müəyyən edə bildik. Yoxlamaq istədiyimiz oyunçulara şans vermək imkanı qazandıq. Yüksək qonaqpərvərliyə görə AFFA rəhbərliyinə təşəkkür edirik”.



