Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Portuqaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, milli komandamız bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə ilk pley-off matçına çıxıb.
Oyun komandamız üçün uğursuz alınıb. Belə ki, futbolçularımız darmadağına üzülüblər – 1:4.
Matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında futbolçularının çıxışına belə şərh verib:
“Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq. Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi. Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq. Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq. Nəticə bizi məyus etdi. Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı”.
Baş məşqçi Portuqaliya yığmasına qarşı keçirəcəkləri cavab oyunu barədə də fikirlərini bölüşüb: “Bugünkü matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Bu gün hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq”.
Qeyd edək ki, millimiz oktyabrın 29-da Vizelada Portuqaliya ilə cavab matçına çıxacaq.
Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.