Siyasət Əsgərov: “Tarixi bir gün idi”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Kiprə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqası çərçivəsində bu gün səfərdə keçirilmiş Kiprlə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Oyundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov bunları söyləyib:

“Qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik edirəm. Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq. Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar”.

Xatırladaq ki, Kiprlə oyunda komandamızın yeganə qolunu 8-ci dəqiqədə Diana Məmmədova vurub. Millimizin kapitanı Sevinc Cəfərzadə 79-cu dəqiqədə penaltidən yararlana bilməyib.

5 oyundan sonra 13 xal toplayan millimiz qrup liderliyini təmin etməklə UEFA Millətlər Liqasının B liqasına vəsiqə qazanıb.

Komandamız qrupda son oyununu dekabrın 5-də Bakıda Farer adaları yığmasına qarşı keçirəcək. “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya saat 19:00-da start veriləcək.