Siyasət Əsgərov Vizeladakı darmadağını şərh etdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Portuqaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, milli komandamız ötən gecə Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə cavab pley-off matçına çıxıb.

Oyun komandamız üçün uğursuz alınıb. Belə ki, futbolçularımız darmadağına üzülüblər – 0:4.

Matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında futbolçularının çıxışına belə şərh verib:

“Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib çox keyfiyyətli komanda idi. Üstəlik, öz meydanlarında çıxış edirdilər. Biz isə Bakıdakı görüşdən sonra səhvlərimizin üzərində çalışmışdıq. Budəfəki matça yüksək səviyyədə hazırlaşmışdıq. İlk dəqiqələri yaxşı keçirdik. Lakin Portuqaliya kimi komandalar səhvdən maksimum yararlanmağı bacarırlar. Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik. Peritan Bozdağın 71-ci dəqiqədə qırmızı vərəqə alması da komandamıza mənfi təsir etdi. Ondan sonra futbolçularımız daha çox qaçmaq məcburiyyətində qaldılar. Belədə səhvlər qaçılmaz olur”.

Millimizin baş məşqçisi hakimlikdən də narazı qaldığını gizlətməyib:

“Portuqaliya yığmasının üçüncü qolu vurduğu epizodda hakim olmayan penaltini göstərdi. Belə penaltini necə vermək olar? 3 qol buraxdıqdan sonra komandada istər-istəməz eniş yaranır. Düzdür, Portuqaliya ilk matçda da 4 qol vurmuşdu. Evdə heç olmasa qol vurmuşduq. Təəssüf ki, cavab görüşündə bunu reallaşdıra bilmədik. Nəticəyə görə heyfsilənirik”.

Əsgərov gələcək planlarla da bağlı danışıb:

“Bundan sonra önümüzə baxmalıyıq. Portuqaliya ilə oyunlar komandamıza böyük təcrübə qatdı. C Liqasındakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq ki, yenidən B Liqasına qayıdaq. Getdikcə daha təcrübəli komanda olacağıq”.