Argentina yığmasının baş məşqçisi Lionel Skaloni “İnter Mayami”nin hücumçusu Lionel Messinin sentyabr toplanışına çağırılmamasından danışıb.
Arena.az “All About Argentina” dərgisinə istinadən, argentinalı mütəxəssisin müvafiq xüsusda mövqeyini təqdim edir:
“Messi ilə danışdım, vəziyyətini soruşdum, amma o, hələ məşq etmirdi, ona görə də onu yığmaya çağırmaq hələ tez idi. O, artıq sağaldığını və qayıtmasının zaman məsələsi olduğunu bildirib. “Leo”nun meydana nə vaxt çıxacağı hələlik dəqiq məlum deyil, amma onun növbəti təlim-məşq toplanışına çağırılması onun, klubunun qarşıdakı oyunlarında oynayıb-oynamamasından asılı olacaq”, deyə Skaloni vurğulayıb.
Xatırladaq ki, Messi iyulun 15-də Argentina yığmasının 2024-cü ildə ABŞ-da keçirilmiş Amerika Kubokunun Kolumbiya yığması ilə final oyununda (1:0) ayağından zədə almışdı.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.