Argentina yığmasının baş məşqçisi Lionel Skaloni “albiseleste”nin Veneseuela yığması ilə gözlənilməz səfər heç-heçəsinə aydınlıq gətirib.
Arena.az məlumat verir ki, 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 9-cu turu çərçivəsində Argentina yığması Venesuela yığmasının müqavimətini qıra bilməyib – 1:1.
Vurğulayaq ki, oyunun özü meydanda çoxlu su yığıldığı üçün yarım saat gecikib.
Lionel Skaloni matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Aydındır ki, şərait tamaşa üçün uyğun deyildi. Oynamaq mümkün olmadıqda, oyunun vaxtı dəyişdirilməlidir. Bu gün isə şərait uyğun deyildi. Bir neçə dəqiq fürsətimiz oldu, futbolçular cərimə meydançasının kənarından qol vurmağa çox çalışdılar və uzun ötürmələrlə oynadılar, necə ki, belə də olmalı idi”, – “albiseleste”nin mətbuat xidməti argentinalı mütəxəssisin narazılığını sitat gətirir.
9 turdan sonra Argentina yığması DÇ-2026-nın CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlində 19 xalla zirvədə qərarlaşıb. Venesuala yığması isə 11 xalla 7-ci pillədədir.
Xatırladaq ki, bu bölgədə dünya çempionatına 6 birbaşa vəsiqə uğrunda mübarizə 10 komanda arasında gedir. 7-ci vəsiqənin sahibi isə dünya çempionatına vəsiqə uğrunda digər konfederasiyaların birindən olan yığma komanda ilə qitələrarası ələmə oyunlarında mübarizə aparacaq.


