Skott Karson daha bir “Mançester Siti”də

İngiltərə çempionu “Mançester Siti” qapıçısı Skott Karson ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 35 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna qədər “şəhərlilər”in uğurları üçün çalışmağa davam edəcək.

Skott Karson 2019-cu ildən “Mançester Siti”də çıxış edir. “Şəhərlilər” onu həmin vaxt “Derbi Kaunti”dən bir illik icarəyə götürmüşdülər. Amma 2020-ci ilin yayında bu icarə müqaviləsinin müddəti daha bir il artırılmışdı. Bu yay təcrübəli futbolçunun “Derbi Kaunti” ilə müqaviləsinin müddəti bitib. Bu üzdən də o, Mançester klubu ilə azad agent kimi müqavilə bağlayıb.

İngilis qapıçı geridə qalan iki mövsüm ərzində “Mançester Siti”də cəmi 1 rəsmi matça çıxıb. “Lids”in yetirməsi olan futbolçu, “Aston Villa”, “Şeffild Uensdey”, “Çarlton”, “Uiqan”, “Vest Bromviç”, “Bursaspor” kimi klublarda da çıxış edib. İngiltərə millisinin sabiq üzvü 2015-ci ildən “Derbi Kaunti”də forma geyinirdi.