Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turu “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Onun yubileyi “Səbail”lə səfər görüşünə (2:0) təsadüf edib. Slavik 300 oyunda 15 qola imza atıb.
Debütü 2011/2012 mövsümündə “Sumqayıt”da gerçəkləşən futbolçu ümumilikdə 7 klubda forma geyinib O, Sumqayıtın eyniadlı komandasında 126 (3 qol), “Xəzər Lənkəran”da 10, “İnter” və “Keşlə” adlandığı illərdə “Şamaxı”da 92 (10 qol), “Sabah”da 34 (2 oyun), “Zirə”də 20, “Turan Tovuz”da 7, “Araz-Naxçıvan”da 11 matçda meydana çıxıb.
Slavik Alxasov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 29-cu futbolçudur. O, buna cari mövsümdə nail olan 2-ci oyunçudur. “Araz-Naxçıvan”ın digər müdafiəçisi Ürfan Abbasov da 300-cü oyununu 2024/2025-ci illər mövsümünün gedişində keçirib.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Premyer Liqasının 16-cı turu lider dəyişikliyi ilə əlamətdar olub. “Araz-Naxçıvan” “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bununla da Elmar Baxşıyevin yetirmələri 1-ci pilləyə yüksəliblər. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” buna qədər heç vaxt turu 1-ci yerdə bitirməmişdi.
Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.


