SOCAR “Universitatya Kluj” klubunun rəsmi sponsoru oldu

Azərbaycan dövlət neft şirkəti – SOCAR Rumıniyanın “Universitatya Kluj” futbol klubunun yeni sponsoru olub. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı və sosial şəbəkə hesabları məlumat yayıb.

Xəbərdə SOCAR-la klub arasındakı əməkdaşlıqla bağlı müxtəlif məlumatlar verilib, həmçinin “SOCAR Rumıniya”nın baş direktoru Həmzə Kərimovun, eləcə də “Universitatya Kluj”un brend meneceri Mihay Moqanın fikirlərinə yer ayrılıb. Lakin tərəflər arasındakı əməkdaşlığın müddəti barədə məlumat verilməyib.

SOCAR-ın 2011-ci ildən Rumıniya bazarında olduğu vurğulanıb. Bildirilib ki, şirkət bu ölkədə 60 stansiyada 750 iş yeri yaradıb.

“Universitatya Kluj” klubunun əsası 1919-cu ildə qoyulub. Lakin 102 yaşlı klubun demək olar ki, ciddi uğurları olmayıb. Klub təmsilçisi cəmi bir dəfə, 1964/65 mövsümündə Rumıniya kubokunu qazana bilib.

Sözügedən komanda hazırda Rumıniya 2-ci liqasında mübarizə aparır. Cari mövsümdə keçirdiyi 8 oyunda 18 xal toplamış Kluj təmsilçisi, 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.