Sofyan Amrabat “Atletiko”ya keçmək istəyir

“Fiorentina”nın və Mərakeş yığmasının yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını davam etdirmək üçün üstünlük verdiyi variantı açıqlayıb.

Arena.az bu barədə mərakeşli jurnalist-insayder İzem Anasın “Twitter” hesabına istinadən xəbər verir.

İzem Anas bildirir ki, Amrabat “Atletiko”ya keçidini ən üstün variant kimi qiymətləndirir. Bundan əlavə, futbolçunu maraq dairəsində saxlayan “Barselona”nın maliyyə çətinlikləri Kataloniya klubuna mərakeşli yarımmüdafiəçini transfer etməyə mane yarada bilər.

2022/2023 mövsümündə Sofyan Amrabat “Fiorentina”nın heyətində 49 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Amrabatın Florensiya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Amrabatı 30 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl 26 yaşlı Sofyan Amrabata Avropanın bir neçə nəhəng klubunun maraq göstərdiyi bildirilirdi. KİV-də futbolçu uğrunda mübarizədə “Barselona” favorit sayılırdı.