Sofyan Amrabat rəsmən “Fənərbaxça”da

“Fiorentina”nın mərakeşli yarımmüdafiəçisi Sofyan Amrabat bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

İstanbul təmsilçisi 28 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Bir mövsümlük icarə “Fənərbaxça”ya 2 milyon avroya başa gəlib. Türkiyə klubu mövsümün sonunda Amrabatın transfer hüquqlarını almaq üçün “Fiorentina”ya daha 13 milyon avro ödəməlidir.

Xatırladaq ki, ötən mövsüm “Mançester Yunayted” də Amrabatı satınalma şərti ilə bir mövsümlük icarəyə götürmüşdü. 27 yaşlı futbolçu İngiltərə nəhənginin heyətində 30 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşməyib. Mövsümün sonunda MY onu heyətində saxlamaq istəməmişdi.

2014-cü ildə Utrext akademiyasını bitirdikdən sonra Amrabat 2014/2015 mövsümündə Erediviziyada 4 oyun keçirib və sonra Ten Haqın baş məşqçi vəzifəsinə gəlişindən sonra o, əsas komandanın oyunçusuna çevrilib. Amrabat “Utrext”dən “Feyenoord”a, oradan isə “Brügge”yə keçib. Ardınca o, İtaliyaya – “Verona”ya icarəyə yollanıb, buradan isə 2020-ci ilin yanvarında 19,5 milyon avro qarşılığında “Fiorentina”ya keçib. Amrabat Florensiya komandasında 107 oyun keçirib, 1 qol və eyni sayda məhsuldar ötürmə verib.

Amrabatın İtaliya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir.

Sofyan Amrabat 2017-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 56 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. O, komandasının fəxri 4-cü yeri tutduğu 2022-ci ildə keçirilmiş Qətər mündialında iştirak edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

“Fənərbaxça”nın iki futbolçusu “Tuluza”da

“Fənərbaxça” iki futbolçusunu da “Tuluza”ya icarəyə verib. Belə ki, Coşua KinqMiha Zayç bu mövsümün sonuna kimi Fransa klubunda çıxış edəcəklər. “Tuluza” Türkiyənin “Alanyaspor” klubunun 20 yaşlı mərkəz müdafiəçisi Ümit Akdağı da mövsümün sonuna kimi satın alma şərti ilə icarəyə götürüb. Konqolu 27 yaşlı mərkəz yarımmüdafiəçisi Arno Lusamba da “Alanyaspor”u azad agent kimi tərk edərək BƏƏ təmsilçisi “Baniyas”a keçib.

“Tuluza”da da iki ayrılıq qeydə alınıb. Liqa 1 təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi Kevin Kebeni İngiltərənin “Uotford” klubuna satıb və 1 milyon avro gəlir əldə edib. 23 yaşlı vinger Mamadi Banqre isə azad agent kimi “Qrenobl”a üz tutub. Keben yeni klubu ilə 4, Banqre 3 illik müqaviləyə imza atıb.