Sokratis Papastatopulos “Betis”ə keçdi – Rəsmi

Yunan mərkəz müdafiəçisi Sokratis Papastatopulos bundan sonra İspaniya La Liqasında mübarizə aparan “Betis”in formasını geyinəcək.

Arena.az bu barədə klubun rəsmi məlumatına istinadən xəbər verir.

Papastatopulos “Betis”ə azad agent qismində keçib. Tərəflər arasında müddəti cari mövsümün – iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Buna qədər Papastatopulos “Bayern”in maraq dairəsində idi. Almaniya nəhəngi müdafiənin mərkəzini gücləndirmək üçün azad agent qismində olan yunan müdafiəçinin xidmətindən istifadə etməyi nəzərdə tutmuşdu. Amma son anda “Bayern” rəhbərliyi Papastatopulosla müvəqqəti müqavilə bağlamaq fikrindən daşınaraq, müdafiəçi almaq məsələsini qarşıdakı qış transfer pəncərəsinə saxlamağı qərara alıb. Belə olan halda, Papastatopulos onu diqqətdə saxlayan “Betis”in maraqlarına qarşılıq verib.

Sokratis Papastatopulos geridə qalmış 2022/2023 mövsümünü Pirey “Olimpiakos”unda keçirib. Müdafiəçi “əfsanə”nin heyətində 32 oyuna 2 qol vurub. Cari mövsümdə futbolçu hələ debüt etməyib. Papastatopulosun oktyabrın 29-da La Liqanın 11-ci turu çərçivəsində “Osasuna”ya qarşı oyunda “Betis”in heyətində meydana çıxacağı təxmin edilir.

Veteran Papastatopulos zəngin futbol tərübəsinə malikdir. Yunan müdafiəçi AEK, “Cenoa”, “Milan”, “Verder”, Dortmund “Borussiya”sı, “Arsenal” kimi tanınmış komandaların heyətində oynayıb.

Papastatopulos “Olimpiakos”la 2 dəfə Yunanıstan çempionluğunu, “Milan”la 1 dəfə İtaliya A Seriyasını, Dortmud “Borussiya”sı ilə 1 dəfə Almaniya Kubokunu və 2 dəfə Almaniya Super Kubokunu, “Arsenal”la 1 dəfə İngiltərə Kubokunu qazanıb. Həmçinin Papastatopulos 2016/2017 mövsümü üçün Yunanıstanda ilin futbolçusu adına layiq görülüb.

Sokratis 2008-ci ilin fevralında debüt etdiyi Yunnıstan yığmasının heyətində 90 oyuna 3 qol vurub.

“Transfermarkt” internet-portalı 35 yaşlı Sokratis Papastatopulosu 800 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: