AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç – Azərbaycan oyunundan əvvəl mətbuat konfransları təşkil olunacaq. Arena.az xəbər verir ki, matçdan bir gün öncə komandaların açıq məşqləri də baş tutacaq.
Artıq bu tədbirlərin vaxtları müəyyənləşib. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, martın 26-da əvvəlcə İsveç milli komandasının baş məşqçisi Yanne Anderssonun jurnalistlərlə görüşü baş tutacaq. Bu mətbuat konfransı yerli vaxtla saat 13:00-da başlayacaq. Mətbuat konfransından əvvəl, saat 11:45-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqə start veriləcək.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı isə saat 17:30-da başlayacaq. Saat 18:00-da da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə start veriləcək.
Xəbərdə o da qeyd olunur ki, hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda baş tutacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.
Xatırladaq ki, İsveç – Azərbaycan oyunu martın 27-də Solna şəhərindəki “Friends Arena”da keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
26 mart
İsveç milli komandası
11:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
13:00. Mətbuat konfransı
Azərbaycan milli komandası
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq


