Son Hın Min “Tottenhem”lə yeni müqavilə imzaladı

Cənubi Koreya millisinin hücumameylli yarımmüdafiəçisi Son Hın Min İngiltərənin “Tottenhem” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Onun “mahmızlar”la əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Xatırladaq ki, Son Hın Min “Tottenhem”ə 2015-ci ilin avqustunda 20 milyon avro müqabilində Leverkuzen “Bayer”indən keçib.

Cari mövsümdə Son kapitanı olduğu “Tottenhem”in heyətində 23 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Onun İngiltərə klubundakı karyerası bütövlükdə 431 oyun, 169 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli futbolçu daha öncə Almaniyanın “Hamburq” və “Bayer” klublarında forma geyinib.

Son hazırda kapitanı olduğu, 2010-cu ilin dekabrında debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 131 oyun keçirib. O, bu oyunlarda 51 qol vurub, 22 məhsuldar ötürmə verib.

Son Hın Min 7 dəfə Cənubi Koreyada (2013, 2014, 2017, 2019, 2020, 2021 və 2022-ci illərdə) ilin ən yaxşı futbolçusu seçilib. O, 2 dəfə (2018/2019 və 2019/2020 mövsümlərində) “Tottenhem”də mövsümün ən yaxşı oyunçusu elan edilib.

“Transfermarkt” internet-portalı 32 yaşlı Sonu 38 milyon avro məbləğində qiymətləndirir.