Son onillikdə pulları göyə sovurmuş klubların siyahısı açıqlandı

2015-ci ildən bəri transfer bazarında oyunçu alqı-satqısı əməliyyatları üzrə ən pis maliyyə tarazlığına malik klubların beşliyi məlum olub.

Arena.az məlumat verir ki, müvafiq hesabatı Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) təqdim edib.

2015-ci ildən bəri klubların oyunçu transferlərini – alışa çəkilmiş xərclərini və satışdan əldə etdiyi gəlirlərini təhlil etmiş mərkəz, müvafiq əməliyyatlar üzrə ən pis maliyyə tarazlığına malik klub olaraq “Mançester Yunayted”i müvafiq siyahının zirvəsində yerləşdirib.

“Qırmızı şeytanlar” son on mövsümdə oyunçu alışlarına o qədər pul töküblər ki, bu, oyunçu satışları ilə nisbətdə -1,304 milyard avro məbləğində fərq yaradır.

Siyahının 2-ci pilləsində ən bərbad nəticə ilə “Çelsi” “öyünə” bilər. “Zadəganlar oyunçu alışlarına oyunçu satışlarından 1,209 milyard avro məbləğində çox pul-para töküblər.

Pulunun qədrini bilməyən bədxərclərin siyahısında ilk üçlüyü qətərli iş adamı Nasser Əl-Xelaifinin rəhbərlik etdiyi Fransa nəhəngi PSJ qapayır. Paris klubunda fərq -991 milyon avro məbləğindədir. PSJ-nin müvafiq siyahıda olması ilə təsəlli tapmağa və hətta başını “fəxrlə” dik tutmağa haqqı var. Belə ki, bu siyahının beşliyini tamamlayan klublar da İngiltərə Premyer Liqasını təmsil edirlər.

“Arsenal” və “Tottenhem” müvafiq olaraq 4-cü və 5-ci yerlərdə qərarlaşıblar. “Topçular”ın fərqi -795 milyon avro məbləğində, “mahmızlar”ın fərqi isə -711 milyon avro məbləğindədir.