İspaniyanın “Qranada” klubunun “Valyadolid”dən icarəyə götürdüyü israilli hücumçu Şon Veysman La Liqa klubunda qalacaq.
Arena.az xəbər verir ki, “Qranada” elitanı tərk edən “Valyadolid”ə 3,5 milyon avro ödəməklə 27 yaşlı forvardın transfer hüquqlarını da alıb.
Şon Veysman bu ilin yanvar ayından formasını geyindiyi “Qranada”da 13 oyuna çıxıb, 1 qola imza atıb. O, “Valyadolid”də də 92 oyuna 30 qol və 6 assistlə yadda qalıb. Veysman karyerası ərzində “Volfsberger”, “Makkabi” (Hayfa), “İroni Kiryat Şmona”, “Makkbi” (Netanya), “Hapoel” (Akre) kimi klublarda da forma geyinib. O, İsrail milli komandasında da 29 oyun keçirib, 5 qola imza atıb.
“Qranada” Türkiyənin “Alanyaspor” klubundan icarəyə götürdüyü Famara Dyedyunun da transfer hüquqlarını alıb. Seneqaldan olan 30 yaşlı hücumçu üçün Super Liqa təmsilçisinə 500 min avro ödənilib. O, bu ilin yanvarından formasını geyindiyi La Liqa klubunda 10 oyun keçirsə də, fərqlənə bilməyib. Forvardın “Alanyaspor” karyerası isə 32 oyun, 13 qol və 2 assistdən ibarətdir. O, karyerası ərzində “Bristol Siti”, “Klermon”, “Anje”, “Epinal”, “Ayaçço”, “Soşo” kimi klublarda da oynayıb. Təcrübəli hücumçu Seneqal yığmasında da 27 oyun keçirib, 11 qol vurub.
“Qranada” yarımmüdafiəçisi Brayan Saraqosa ilə də yeni müqavilə bağlayıb. İspaniyadan olan 21 yaşlı vingerlə yeni sözləşmə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Klubun öz yetirməsi olan futbolçu indiyə qədər əsas komandada 37 oyuna çıxıb, 5 qol və 1 assistlə yadda qalıb.
Yeri gəlmişkən, “Alanyaspor”da Zuhair Feddal və Vilson Eduardo da klubdan ayrılıb. Hər iki futbolçunun Türkiyə klubu ilə müqaviləsinin müddəti bitib. Feddalın karyerasını harada davam etdirəcəyi bilinmir. Eduardo isə Kiprin APOEL klubu ilə anlaşıb.
Vilson Eduardo 2021-ci ilin yayından formasını geyindiyi “Alanyaspor”da 44 oyun keçirib. Portuqaliya doğumlu anqolalı 32 yaşlı forvard Super Liqa təmsilçisində 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Zuhair Feddal isə bu ilin fevralında “Alanyaspor”a keçmişdi. Mərakeş yığmasının da üzvü olan 33 yaşlı mərkəz müdafiəçisi bu komandada cəmi 4 matç keçirib.