Spalletti AÇ-2024-də rəqiblərinə dair: “Unutmayın, biz İtaliyayıq!”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-də İspaniya, Xorvatiya və Albaniya ilə birgə yer aldıqları qrup haqda danışıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan çalışdırıcının müvafiq xüsusda fikirlərini təqdim edir:

“Hər şey daha yaxşı ola bilərdi, amma biz dördüncü səbətdə idik. Özü də heç vaxt unutmayın ki, biz İtaliyayıq!

Turnir cəmi altı aydan sonra baş tutacağından hər hansı təxmin vermək çətindir. Bilirik ki, çox şey bizim formamızdan, hazırlığımızdan və uşaqların birlikdə necə oynamasından asılı olacaq.

Xorvatiya təcrübəli futbolçulardan ibarət güclü komandadır. Bəzi oyunçular artıq qocalıblar, amma yüksək səviyyədə olmağa davam edirlər.

İstənilən halda, futbolu sevən hər kəs oxşar çətinliklərdən həzz almalıdır. Əks halda, bütün əyləncələr əldən gedir”, deyə Luçano Spalletti nikbinliklə bildirib.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İtaliya yığması Avropa çempionatına yarışın cari qalibi qismində təşrif buyuracaq.