İtaliyanın “Napoli” komandasının baş məşqçisi Luçano Spalletti cari mövsümün sonunda komandanı tərk edəcək. Arena.az “Il Matino”ya istinadən xəbər verir ki, neapolluların baş məşqçisi bu haqda klub prezidenti Aurelio De Laurentiisə hələ iki həftə əvvəl məlumat verib.
Baş məşqçi oyunçularını A Seriyasının 36-cı turu çərçivəsində “İnter”ə qarşı keçirilən oyun (3:1) ərəfəsində məlumatlandırmağı düzgün bilib.
Bir müddət əvvəl müxtəlif KİV-də 64 yaşlı italyan mütəxəssisin klub rəhbəri ilə münasibətlərinin pozulması haqda məlumatlar yayılmışdı. Spalletti ilə müqavilə avtomatik surətdə 2024-cü ilə qədər uzadılmışdı. Öz növbəsində isə De Laurentis məşqçiyə daha uzunmüddətli razılaşma təklifi irəli sürsə də, Spalletti klubdan ayrılmağa köklənib.
Xatırladaq ki, Spallettinin rəhbərliyi altında “Napoli” İtaliya çempionluğunu qazanıb ki, bu da klubun son 33 il ərzində ilk tituludur.
Luçano Spalletti 2021-ci ilin iyul ayından rəhbərlik etdiyi “Napoli”ni indiyə qədər 94 oyuna çıxarıb. Komanda bu oyunlarda 61 qələbə qazanıb, 15 heç-heçə edib və 18 məğlubiyyətə üzülüb. 64 yaşlı mütəxəssis daha öncə “İnter”, “Roma”, “Zenit”, “Udineze”, “Ankona”, “Venetsiya”, “Sampdoriya” və “Empoli”yə də rəhbərlik edib.
Hazırda “Napoli” rəhbərliyi Spallettini əvəzləmək üçün bir sıra mütəxəssisləri gözdən keçirir. Namizədlər arasında hazırda işsiz olan Antonio Konte, Luis Enrike, hətta “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperininin də adı çəkilir. Spallettinin isə növbəti mövsümdə bir növ yaradıcılq məzuniyyəti götürəcəyi iddia edilir. O, “Napoli”dən ayrılandan dərhal sonra heç bir komanda çalışdırmağa hazırlaşmır.